Gərək (Budur gözəllərdə əzəl nişanə)

Gərək (Budur gözəllərdə əzəl nişanə)
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Budur gözəllərdə əzəl nişanə,
Ağ üzdə xalları ay qoşa gərək.
Yar yolunda hər cəfaya qatlana,
İlqarında dura həmişə gərək.

Badilə nimtənə, hillədən çuxa,
Mirvaridən düzə, incidən taxa,
Ay kimi bərq vura, gün kimi çıxa,
Baxanda gözlərin qamaşa gərək.

Alı deyər, canım sənə sadağa,
O büllur buxağa, lalə yanağa.
Sallanıb gedəndə gülşənli bağa,
Tamaşa boynuna tamaşa gərək.

  • “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il.