Gərək (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərək
Müəllif: Növrəs İman
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Kişi üçün əzəl gündən
Başda çox kamal gərək;
Sərf etməyə doğru yola
Əsəldən zülal gərək.
Həqiqətdən əxz eyləyə,
Mərifətdən anlaya;
Məhşər günü olmayacaq
Ona dövlət-mal gərək.

Kimi alar hökmranlıq,
Ədalətdən danışar.
Mərdin əli açıq olar,
Səxavətdən danışar.
Kimi məlul-müşgül gəzər,
Şikayətdən danışar.
Bu işlərə qərar qoyan
Həyyi-layəzal gərək.

Mala, mülkə bel bağlayıb,
Kiminin var həvəsi.
Həcv eləyib yoxsulları,
Tutma aç ilə bəhsi.
Cəhənnəmdən betər olur
Bu dünyanın tənəsi.
Qurulanda haqq divanı,
Verə bir macal gərək.

Novrəs İman, cəfa çəkmə,
Bu dünyadı bivəfa.
Vaxt yetişsə, mələk əl-mot
Bircə gəlməz insafa.
Açıq söylə kəlmələrin,
Sat mətahın sərrafa;
Qədirbilən qiymət qoyub
Ala dalbadal gərək.