Gərək (Xaltanlı Tağı)

Gərək
Müəllif: Xaltanlı Tağı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Salam verib bir məclisə varanda,
Böyükdən kiçiyə nəsihət gərək.
Ədəb-ərkan bilə, yol-təriq bilə,
Əslində, nəslində nəcabət gərək.

Arif olan itirməyə özünü,
Başdan çıxıb unutmaya sözünü.
Tanıya yerini, qoya dizini,
Ağır əyləşibən farağat gərək.

Durub hər kəlmədən yola düşməyə,
Köndələn uzanıb həddin aşmaya,
Dilin səbr eyləyə, çox danışmaya,
Dinəndə bir kəlmə xoş söhbət gərək.

Adam oğlu özün tutmasın yekə,
Yeriyib yerişi düşməsin şəkkə,
Bir tikə çörəyin yeyib, əl çəkə,
Müdam tikəsində qənaət gərək.

Hər kəs öyüd versə öz uşağına,
Dolana başına, solu sağına,
Asta qədəm qoyar yar otağına,
Birisi-biriynən xoş söhbət gərək.

Demə ki, bu dünya baqidi, baqi,
Güvənmə heç yana axmaz ayağı,
Qocalmısan bəsdi, Xaltanlı Tağı,
Bundan belə sənə ibadət gərək.