Gərəkdir (Qasım bəy Zakir)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərəkdir
Müəllif: Qasım bəy Zakir
Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 162 səh.


Bu dövrü-fanidə beş gün kişinin
Bir yaxşı vəfalı yarı gərəkdir.
Aralığa rəqib girə bilməyə,
Bir-birinə etibarı gərəkdir.

Əhdi dürüst ola, ilqarı möhkəm,
Gözündən irağa düşəndə bir dəm
Nə könlü açıla, nə ola xürrəm,
Fikri, zikri sənin sarı gərəkdir.

Yadlar ilə danışmaya, gülməyə,
Namünasib yerə gedib-gəlməyə,
Hər sözü şəninə layiq bilməyə,
Namusu, qeyrəti,arı gərəkdir.

Naməhrəmə görünməyə, yan gəzə,
Bihəya olmaya, adü can gəzə,
Amma öz evində alişan gəzə,
Ala, verə, ixtiyarı gərəkdir.

Cahillik zamanı keçibdir əgər,
Genə yüz naxələf oğlana dəyər;
Piranəsərlikdə bir belə dilbər
Yetirə Zakirə tarı, gərəkdir.