Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən Müəllif: Məhəmməd Füzuli |
Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,
Tərki-ədəb etdin, nola düşsən nəzərimdən.
Xunin müjdələrdirmi və ya mərdüm əlilə,
Oxlar çəkilib, dişrə atılmış ciyərimdən?
Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə,
Xunab olub, əlbəttə, çıxar didələrimdən.
Seylabi-sirişkilə xoşam eşq yolunda,
Xaşaki-təəllüq qoparır rəhgüzərimdən.
Daşlara vurub başımı, rüsva gəzər oldum,
Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən.
Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh,
Bir şölə yetər atəşi-ahi-səhərimdən.
Seylabi-sirişk etdi məni ğərqə, Füzuli,
Ta dövr cüda qıldı büti-simbərimdən.