Gəzdim (2000)
Müəllif: Zaur Ustac
Mənbə: Zaur Ustac. ""Çəhrayı kitab", "Gəzdim" şeiri, S.18" (az.). Anl.az. 2017. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.

 
Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!

Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!

Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!