Gəzdirir
Gəzdirir Müəllif: Aşıq Musa |
Mənim yarım bu məclisdə
Dolanıb cağı gəzdirir.
Özü təzə, əldə məzə,
Eyvan, otağı gəzdirir.
Ləbləri məni məst elər,
Kirpiyi cana qəsd elər,
Dərib bənövşə dəst elər,
Büllur buxağı gəzdirir.
Rubəndini üzdən açmaq,
Xoşdur onunla danışmaq.
Bəxtəvər başına, başmaq,
Gültək ayağı gəzdirir.
Musa vəsfin söylər saza,
Eşidən gəlsin avaza.
Yanaqları güldən təzə,
Qaymaq dodağı gəzdirir.