Gəzir (Məhəmməd bəy Aşiq)

Gəzir
Müəllif: Məhəmməd bəy Aşiq
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Bilirsənmi, könlüm, yar səndən ayrı,
Necə miskin-miskin, natəvan gəzir.
Düşüb səhralara şeydalar kimi,
Sübhü şam bilməz, hər zaman gəzir,

Bir dilbəri-əla, çeşmi məstanə,
Qüssəsindən könül oldu viranə,
Bilmirəm ki, neynəmişəm cananə,
Hər görəndə məndən belə yan gəzir.

Bu dili-divanə, ey şuxi-ali,
Canü dildən sevib ol xəttü xali,
Kakili mişkinə aşiq olali,
Başın üçün daim sərkərdan gəzir.

Firqətindən qara bağrım olub su,
Alıbdır qərarım o zülfü keysu,
Mən ölmüşəm löli-ləbindən ayru,
Deyirlər ki, cismində bəs can gəzir.

Genə Aşiq unudubdur hər karı,
Sevibdir bir şuxi, çeşmi-xunxarı,
Ol yanağı mahi, lalə rüxsarı,
Necə qıyır, zülfi-pərişan gəzir.