Arif əhli, bir söz deyim, qınama,
O zaman ki, bu dünyanı gəzirdim.
Həsrət oldum elə, ata-anama,
Dolandırıb yazıq canı, gəzirdim.
Dilimdə kəlmeyi-ayeyi-Quran,
Fikrü zikrim oxumaqdı hər zaman.
Eşit sözlərimi, doğru bil, inan,
Adı gözəl bir mövlanı gəzirdim.
Nagahdan bəlaya tuş oldu sərim,
Axtarmadı, qohum-qardaş, ellərim.
Könül qəmli, qanlı yaşlı gözlərim,
Seyr eləyib gülüstanı gəzirdim.
Ha deyim dərdimi, nə gələr başa,
Aç sinəm dəftərin, eylə tamaşa.
Əzalarım düşdü yanar ataşa,
"Yahu", - deyib, bir cavanı gəzirdim.
Bir mələk misallı, tutidil, cavan,
Axır getdi, məni etdi bağrı qan.
Demir necə oldu Növrəstə İman!?
Mən də o pür dürlisanı gəzirdim.