Gecə-gündüz qan ağlaram

Gecə-gündüz qan ağlaram
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Gecə-gündüz qan ağlaram,
Mənimki ah-zarınandı.
Mən yarı bivəfa gördüm,
Qol-boyun əğyarınandı.

Sallaiıb gəl bizə, gəlin,
Ağ üzündə siyah telin,
Bülbül çox istəyir gülün,
Gülün meyli xarınandı.

Boynuna salmısan bağı,
Sinəmə çəkmisən dağı,
Abbasın şəfa tapmağı
Qoynundakı narınnandı.