Gedək
Gedək Müəllif: Aşıq Alı |
Qohum-qardaş yenə düşdü yadıma,
Dedim könül bir səfərim var, gedək.
Heç görmədim əhdə peyman olanı,
Nadan qurdu tərlan üçün tor, gedək.
Onu gördüm atdım dərdi, vərəmi,
Mübarək dəstindən aldım salamı,
Götürdüm əlimə dəftər-qələmi,
Könlüm istər o dağlardan qar, gedək.
Alı təkdi, qürbət eldə dolanır,
Oğrun-oğrun yar oduna qalanır,
Ağ əllərə toy xınası bulanır,
Xoryad üzdü güllü bağdan nar, gedək.