Gedirəm (Şair Ağacan)

Gedirəm
Müəllif: Şair Ağacan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

 
Köçürəm dünyadan dost olanlarım,
Oxudun üstümdə Quran, gedirəm.
Fitnəkar olmadım, könül yıxmadım,
Qazanıb saf vicdan, iman gedirəm.

Sinəmin dəftəri varaq-varaqdı,
Ayrılıq cismimi yandırıb-yaxdı,
Deyirlər, burada ərasət Haxdı,
Orada haqqıdır divan, gedirəm.

Mən qurbanam comərdlərin mərdinə,
Sinəmdə yaralar sızıldar yenə,
Ağacanın pünhan olan dərdinə,
Olmadı fələkdən dərman, gedirəm.