Getdi (Ötübdü zimistan, gəlib novbahar)
Getdi Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ötübdü zimistan, gəlib novbahar,
Yetirdi qərinə, sənələr getdi.
Dəli könül gündə yüz xəyal eylər,
Dolandı ruzigar, havalar getdi.
Mən sənə nə deyim, ey şahi-şonqar,
Ağlımı apardı bir çeşmi-xumar,
Könlümə uymadı bir münasib yar,
Gəldi məlakələr, sonalar getdi.
Yazıq Alı, bu qəm səni bürüdü,
Eynim yaşı sel-sel oldu yeridi,
Qürbət eldə yazıq canım çürüdü,
Neçə çərşənbələr, cumalar getdi!