Getdi (Aşıq Hüseyn Bozalqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Getdi
Müəllif: Aşıq Hüseyn Bozalqanlı

Bilmirəm, nə dedim, yar küsdü məndən,
Coşqun çaylar kimi axdı da getdi.
Oynatdı qaşını, süzdü gözünü,
Mənə oğrun-oğrun baxdı da getdi.

Şikarım uçurdum tuta bilmədim,
Ceyrana oxumu ata bilmədim,
Yüyürdüm, yüyürdüm, çata bilmedim,
Atamın evini yıxdı da getdi.

Dostuna demədi o sir sözünü,
Hüseyndən kənara tutdu üzünü,
Çatdı qəmzəsini, süzdü gözünü,
Müjganın sinəmə, çaxdı da getdi.