Getdi mənim
Müəllif: Abdulla Padarlı
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Ay ağalar, ay qazılar,
Yar əlimdən getdi mənim.
Yar üzünə tamarzılar,
Yar əlimdən getdi mənim.

Özünün var idi meyli,
Məcnun idim, o da Leyli,
Gözündən tökübən seyli,
Yar əlimdən getdi mənim.

Heç kimdə olmaz belə dərd,
Həmişə mən deyərəm fərd,
Atası çıxdı çox namərd,
Yar əlimdən getdi mənim.

Aldandılar mala, pula,
Leylimi verdilər dula,
Bu gecə saldılar yola,
Yar əlimdən getdi mənim.

Abdullahın yoxdu varı,
Əldən gedib nazlı yarı,
Kömək edin, sizi tarı,
Yar əlimdən getdi mənim.