Getdilər
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Qasid gəldi yardan xəbər gətirdi,
Necə çəkim ol fərağı, getdilər.
Aşiq məşuqini qəhrə yetirdi,
Çəkdilər sinəmə dağı, getdilər.

Malü-mülkü verib axça aldılar,
İlqarı verdilər, buxça aldılar,
Barı tərk etdilər, bağça aldılar,
Pərişan qoydular bağı, getdilər.

Abbas, cavan ömrün sən verdin bada,
Günü-gündən dərdin oldu ziyada,
Yedilər, içdilər fani dünyada,
Aldılar beş arşın ağı, getdilər.