Getmə (Ağdabanlı Qurban)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Getmə Müəllif: Ağdabanlı Qurban |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Gözəllər karvanı yola düzüldü,
Kəpəzin kəkliyi, maralı, getmə.
Gözlərin süzüldü, canım üzüldü,
Qoyub məni dərdli, yaralı, getmə...
Bir dərd ürəyimdə var, üzdü canım,
Bir də qəsd eylədi yar üzdü canım.
Bülbüləm gül üstə xar üzdü canım,
Bir qönçəsən səni xar alı, getmə.
Qurbanam dərd qoydun azarım üstə,
Bir də güzar eylə güzarım üstə.
Mən öləndə bir gəl məzarım üstə
Sən Allah, yar, ötüb aralı getmə.