Getməgə əzm eyləmişsən, ey dilaram, eyləmə
Getmege əzm eyləmişsən, ey dilaram, eyləmə Müəllif: İmadəddin Nəsimi |
Getməgə əzm eyləmişsən, ey dilaram, eyləmə!
Həsbətənlillah, məni bisəbrü aram eyləmə!
Daneyi-mişkin xalın könlümü çün seyd eylədi,
Bu tutulmuş seydə, şahim, zülfünü dam eyləmə!
Sünbülü bərgi-gül üzrə, ey pəri, dağıtma kim,
Bunca könlü yanmışın sevdasını xam eyləmə!
Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın,
Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə!
Rindü qəllaşəm, mənə zahid demə, ey müttəqi,
Laübali aşiqi aləmdə bədnam eyləmə!
Eşqini tərk etmək istər könlüm, amma çin degil,
Ya ilahi, kimsəyi sən bisərəncam eyləmə!
Çeşmeyi-lə’lin suyundan bir qədəh sun, saqiya,
İştiyaqından Nəsimi gözlərin cam eyləmə!