Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.121. |
Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,
Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.
Məgər divanədir sevdayi-əbrusilə zahid kim,
Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.
Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdən
Və ya peykanların kim, atəşi-dil onu su eylər.
Rəhi eşqində olman təngdil sevda hücumundan,
Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.
Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”
Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”
Füzuli zülfünə bağılandı, əmma öylə incəldi
Ki, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.