Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü

Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü
Müəllif: Məhəmməd Füzuli


Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü,
Əşkdir xali qılan qan ilə dolmuş könlümü.

Ey pərivəşlər, cəfa rəsmin unutmın, lütf edin,
Eyləmin bədxu cəfa mötadı olmuş könlümü.

Vədeyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib,
Möhnəti-hicran ilə aram bulmuş könlümü.

Xəncəri-bidad ilə hərdəm görər zəxm üzrə zəxm,
Hiç bir dəm görmədim önmüş, önülmüş könlümü.

Payibəndi-lütf olub, bir yerdə sakin bulmadım,
Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü.

Simbərlərdən gələn daşları yığmış çevrəmə,
Eşq məmur eyləmək istər pozulmuş könlümü.

Hər zaman bir atəşinrüxsar sövdasın çəkər,
Ey Füzuli, gör bu odlarə urulmuş könlümü.