Guş edin ərzimə yeksər, siz əya pirü cəvan

Guş edin ərzimə yeksər, siz əya pirü cəvan
Müəllif: Hacı ağa Fəqir Ordubadi

Guş edin ərzimə yeksər, siz əya pirü cəvan,
Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
Nəql ediblər bu keçən il var idi bircə kişi,
Sahibi-xeylü rəmə, əhli-məhali-İrəvan.
Toxumuşdu Fatısı əsl fayiq bir çuli-əsb,
Xeyli mətbuü dilavizü giran, qədri giran.
İşləmişdi onun üstündə Fatı düz iki ay,
Tar-pudunda onun bənd eləyib rişteyi-can.
Şamova verdi çulu, söylədi ki:--Həmsəri-mən,
Sübhdən sal çulu, min yabını, ol şəhrə rəvan.
Aparıb bu çulu sən şəhrdə sat qırx manata,
Beş qəpik əksiyə satma ki, olur bəs ərzan.
Satıb, al Dilpəriyə, Gülpəriyə nimtənəlik,
Yırtılıb, Dilpərinin yoxdu ayağında tuman.
Əti-əndamı çıxıbdır eşiyə Nazpərinin,
Köynək al əyninə, həm başına şali-Şirvan.
Səni tarı, a kişi, al mənə də bir yalavuc,
Fəsli-yaylaqda tiküm nimtənə şali-Kirman.
Saqquz al Mahpəriyə, Şahpəriyə güzgü, daraq,
Algilə cəhrəmə ig, bir tikə qır, çit, kətan,
Qədri zərnix, ahəg al gətir tənvir eləyәk,
Tük basıb canımızı, sirkə-bitə oldu məkan.
Süuva bircə düdük, al Əlüvə bircə lülük,
Məmova bircə papaq al, verəyüm həqqi-çoban.
Əyn-başın tökülüb, al özünə bircə geyim,
Madyana noxta alıb, eşşəyə də bircə palan.
Müxtəsər, götdü çulu, şəhrə rəvan oldu o kürd,
Çiyninə saldı gəzib çarsuyi-bazar, dükkan.
Qırx manat söylədi, bir kimsə onu almadılar,
Şəhri üç gün dolanıb mat-məəttəl, heyran.
Dedi:--Bu töhfədi, qətən alır əşxas bunu,
Gər qubernata verəm, çox mənə eylər ehsan.
Müxtəsər götdü çulu, sildi tozü torpağın,
Gətirib verdi qubernatə haman dəmdə nişan.
Ta qubernat görüb söylədi işto-mişto,
Dedi:--Bir töhfə gətirdim sənə canım qurban.
Yaranal aldı çulu, verdi qulamına o dəm,
Şamovun qəlbi açıb gül kimi oldu xəndan.
Yaranal söylədi üç yol "xaraşo", bir "malades",
Daxil oldu evinə, qıldı Şamo dadü fəğan:
--Nə qələtdir elədim öz nənə-babamla mən,
Bilirəm Fatı yolur yalımı bişəkkü güman.
Müxtəsər, kəndə gəlib, ta Fatı gördü ərini,
Üzü qara, əli boş, zurna çalır, həm balaban.
Şamova söylədi Fatı:--Çulu satdın neçəyә?
Hanı çul? Yağlığımız noldu məgər? Eylə bəyan!
Dedi ər:--Fatı, çula uç "xaraşo", bir "malades"
Yaranal verdi, əgər sud ola, ya inki ziyan.
Eşidib Fatı, vurub kürdə ikiəlli qapaz.
Kürd salıb möhra tasa, çəşminə tar oldu cahan.
Durdu övrət ayağa, geydi çarıq, sonra dolaq,
Şamovu götdü, minib yabını çün şiri-jəyan.
Girdi ta şəhrə, qubernat qapısın etdi tələb,
Dışra çıxdı yaranal, gördü gəlir dad, aman.
Dedi:--Zaçem tı sidiş, dlya çevo stroqo?
Baş əyib övrəti-biçarə çəkib ahi-nihan.
Ərz qıldı yaranala:--Mən Şamovun Fatısıyam,
Niyə zülm eyləyə bilməm ümənayi-divan?
Vermisən o çula sən üç "xaraşo", bir "malades",
Verirük hər kəsə, verməzlə bizə bircə soğan.
Ya pulu, ya çulu ver, istəmirik biz xaraşo,
Malades qarnımızı sir eləməz, istər nan.
Eşidib bu sözü çox güldü qubernat ol dəm.
Xoşuna gəldi, gəlib nitqə, deyib xəndəkönan:
--A patom, tı niboysya, istiroqa, istiraqa,
Lütfi-bihəd qılaram mən sizə hər saətü an.