Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə söz
Hörmətli "Şərqi-rus" ruznaməsinə bir neçə söz (1903) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
İyirmi beş sənə bundan əqdəm Badkubə şəhərində nəşr olunan "Əkinçi" qəzetəsi müsəlman qardaşları təhsili-ülum və fünuna tərğib və təşviq edən zaman onlardan kəmetinalıq və soyuqluqdan başqa bir əsər görmədi. Hətta bəzi əşxas ki, o əsrin sahibi-kamal və əhli-mərifəti hesab olunurdu, Hadiyül-Müzəllin Qarabaği kimiləri, "Əkinçi"nin məsləkini müzür və onda dərc olunan gözəl mətləbləri özlərinin köhnə adət və ayinlərinə zidd bilib, biçarə mühərriri nalayiq sözlər ilə həcv edib, olmazın böhtan və iftiranı haqlarında söyləmişdilər. Belə naşayəstə əməlin müqabilində cənab mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini ki, çirkin föhşlərdən ibarət ola, atıb, yerdə qalanını eyni ilə qəzetəsində çap etdirib, həcvin axırında bunu qeyd etmişdi: "Hadiyül-Müzəllinin həcvini təmamən çap etməyə izn olunmadı. Amma o cənabın və onun həmrəylərinin könlü şad olmaq üçün fikrim budur ki, bir daş üstə onu qazıdıb, Qarabağ ilə Zərdab sərhəddində qoyam, ta ki, gələcəkdə bizim övladımız o yadigara baxıb bilsinlər ki, mən milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda nə qisim adamlara rast gəlmişəm".
Filhəqiqə demək olur ki, o vaxt cəhalət və nadanlıq Zaqafqaz müsəlmanlarını əhatə edib elm və mərifət nurundan onları bibəhrə qoymuşdu. İki ildən bir qədər ziyadə "Əkinçi" artıq üsrət və məşəqqət ilə zindəganlıq edib, canını millət uğrunda fəda etdi və onun gözəl sözləri və nəfli məlumatı cəhalət pası ilə tutulmuş qəlblərə əsər etmədi. "Əkinçi"dən bir neçə il sonra əvvəlcə "Ziyayi-Qafqaz" və onun dalınca "Kəşkül" ruznamələri Tiflisdə təb və nəşr olunmağa başladı. Amma onlar da çox yaşamayıb, ömrlərini bizə bağışladı. Bu iki qəzetənin zavalını əgərçi çoxları mühərrirlərindən görüb onların biməslək və tamahkar olmaqlarından bəhs etdilərsə də, bizim əqidəmizə görə, camaatımızın da bihümmət və kəmetina və süstrəy olmaqları məzkur qəzetələrin fövt olmasına bais olubdur və insafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb özümüzü safa çıxardaq. Axırıncı qəzetənin ki, "Kəşkül"dən ibarət ola, zavalından on il gəlib keçdi və bu müddətin ərzində biz ruznaməsiz qaldıq. Amma bu illər bizim üçün boş keçmədi. Zəmanənin təqazası bir yandan, mədəni və mərifətli qonşularımızın təsiri özgə bir tərəfdən bizi hərəkət və cünbüşə gətirdi və demək olar ki, bu halda müsəlmanlar bir növ qəflətdən ayılıb tərəqqi yoluna üz qoyublar. Hər guşədən elm və mərifət sədası və hər büqədən təlim və tədris icrası eşidilib müşahidə olunmaqdadır.
Lillahülhəmd bu günlərdə intizarını çəkdiyimiz "Şərqi-Rus" ruznaməmiz mərifət meydanına qədəm qoyub, elm və mədəniyyət bayrağını qalxızdı. Ətraf və əknafdan idarəyə daxil olan təbriknamələr, nəzm və nəsr ilə ruznamənin tərifi qəfləti-tövsifi yuxusundan ayılmağımıza böyük bir dəlil və əlamətdir desək, xəta etmiş olmarıq. İyirmi beş il bundan irəli qəzetə haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır….
Bu halda "Şərqi-Rus"dan, hansı ki, ancaq bir aydan bir az ziyadədir nəşr olunur, böyük xidmətlər və mühüm faydalar tələb etmək ağıl və insafdan kənardır. Qəzetə işi ağır işdir, xüsusən, müsəlmanlar içində, hansılarının ki, mətbəəsi yox, yaxşı hürufatı yox, hürufat tərtib edən xidmətçiləri yox, mahir və məlumatlı köməkçiləri və əxbarnəvisləri yox və bunlardan əlavə şövq və həvəslə qəzetəni oxuyub bahasına pul verən müştəriləri yox. Qəzetədən yetişən nəf və fayda bu qüsuratın rəf və təshihi ilə vüqua gəlir və əgər bizim xahişimiz qəzetəmizi nəfili və ləyaqətli etmək isə, onda borcumuz budur ki, onun ehtiyacatını düzəldək, intişarına hümmət və qeyrət göstərək və ərbabi-qələmimizə borcdur onun mündərəcatını xeyirli və zamananın təqazasına müvafiq məlumat ilə doldursun, ta ki qəzetəni oxuyanlar ondan istifadə edib, arzu və təmənnaları puç və ümidləri zay olmasın.
Keçən nüsxədə zikr olundu ki, bizim müsəlmanlar qəflət yuxusundan ayılmaqdadırlar. Bu doğrudur. Amma yuxunun müddəti uzun və özü ağır olmağa görə birdən-birə onun əsərindən xilas olmaq çətindir. Bədən zəifləşib, üzvlər taqət və hərəkətdən düşüb, kəsalət cismin əza və cəvarihlərinin cümləsinə sirişt edibdir. Belə ki, ayılmış zəif bədəni birdən qaldırıb ayaq üstə qoymaq qeyri-mümkündür. Lazımdır ona müalicə etmək və qüvvət gətirən dərman və qida yedirtmək və bir müddət onun tədavi üsuluna mütəvəcceh olmaq. Bu isə bağlıdır ağıllı və kamallı kəslərin hümmətinə və əhli-mərifətin və ərbabi-qələmin hünər və qeyrətinə. Heç kəs əlindən gələni gərək bu yolda müzayiqə eyləməsin və cümlə din və millət təəssübü çəkənlər bacardığı qədər kömək və müavinəti ya əqli və qələmi ilə və ya malı və canı ilə ola gərək əsirgəməsin. Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini ziyalandırıb, ruhunu tazələndirən gözəl və ali fikirlər, hüsni-tədbirlər, doğru və salamat sözlər və səmimi-qəlbdən çıxan avazlar olacaqdır. Hər kəs xeyrxahi-millət isə və bu yolda danışıb yazmağa özünü müqtədir bilirsə hünər və sədaqətini göstərsin. Şükür olsun allaha, intişari-fikir və tədbir üçün "Şərqi-Rus"un səhifələri açıq və vüsətli bir meydandır. Cümlənin gözəl və nəsihətamiz sözləri, hüsni-rəyləri və etiqadları cənab mühərrir tərəfindən kamali-məmnuniyyətlə qəbul olunur. Amma gərəkdir şəxsi qərəzlər və təmənnalar, yekçeşmilik və tərəfgirlik kənara qoyulsun. Millətimizin ehtiyacı, qüsur və nöqsanımızın illəti, dalda qalmağımızın səbəbi nədə isə gərəkdir dürüst təhqiq və tədqiq oluna və sonra çarə dalınca gedilə, və eyblərimizi açıb göstərməkdə qorxu və ictinab olunmaya. Büxl, həsəd, məniyyət və xudpəsəndlik ki, müsəlmanların nifaq və pərişanlığına böyük bir illətdir, gərək aramızdan götürülə və "İnnəməl-mömininə üxüvvətün" ayeyi-şərifəsi misdaqınca ittifaq və ittihad ki, mənbəyi-səadət və tərəqqidir, gərəkdir bir an və dəqiqə unudulmayıb, onun ziri-hökmündə olub, məzmununca səy və təlaş oluna…. Bu saf etiqad üzrə müstəhkəm var ikən "Tərcüman"ın axırkı nömrələri gəlib əlimizə keçdi və əhvalımızı pərişan eylədi. Cənab Qaspirinskinin bu vaxta kimi sükut edib, indi "Şərqi-Rus"u əvvəlcə təbrik və təhniyə edib dalınca irad tutması və qəzetəni oxuyanların nəzərində təyib və təxfif etməsi bizi ziyadə heyrət və təәccübə gətirdi. Bu gunə rəftardan cənab Qaspirinskinin muradı nə isə, əlbəttə, özü yaxşı bilir. Amma bizim anladığımıza [görə] bu qisim hərəkətə hər tərəfdən baxılsa baxılsın, burada təəssüfdən başqa söylənəsi bir söz yoxdur. Əgər o cənabın belə rəftarı, öz rəfiqinə rəqabət və hüsudlikdən naşı isə çox heyf! Millətin xadimləri nə qədər çox olsa bir o qədər yaxşıdır və Qaspirinski kimi maarifpərvər şəxsə bu sifət yaraşası sifət deyil. Yox, əgər o cənabın niyyəti öz həmsinfinin və qələm yoldaşının qüsurunu göstərib təshih olunmasını izhar etmək isə onda daha nə söyləyəlim. Burada o cənab kəmtəcrübəliyini büruzə vermişdir. Məgər ona məlum deyil ki, bu qisim kinayəli və acı məzmunlu nəsihət kimsədən qəbul olunmaz! Bu vazeh əmri cənab Qaspirinski gərək anlayıb fəhm edəydi və bunu yəqin biləydi ki, belə acı sözlər təzə qəzetənin müştərilərini azaldıb və onu oxuyanları şövq və həvəsdən salmaqdan başqa özgə bir səmər verməz. Heyf, səd heyf ki, ittifaqı pozan və ittihadın binövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb riyasətlik iddiasındadırlar.
Çün qərəz aməd honər puşide şod,
Səd hicab əz del besuye-dide şod,
Çün dəhəd qazi bedel rüşvet qərar
Key şonasəd zalim əz məzlumi-zar[1].
[1]Tərcüməsi:
Qərəz meydana çıxanda hünərin üstü örtülür.
Ürəkdən göxün önünə yüz pərdə çəkilir.
Qazı ürəyində rüşvət almaq qərarına gəlsə,
Zalımı biçarə məzlumdan necə ayıra bilər.