Hürriyyət və təsəttüri-nisvan

Hürriyyət və təsəttüri-nisvan
Müəllif: Cəfər Cabbarlı


Ay Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə il bundan qabaq filan əfəndi filan əfəndi ilə ağıiz-ağıza verib "hürriyyəti-nisvan", - deyə bağırırdılar. Hətta iş bir məqamə çatmışdı ki, hər kəs, istər şair və ya mühərrir olsun, bismillah əvəzində "hürriyyəti-nisvan", - deyə bağırırdi. Mən də öz-özümə dedim:
- Gördün ki, iki nəfər sənə dedi piyansan, qoy başını yerə ki, piyanam; yəni vaxta ki, filan əfəndilər "hürriyyəti-nisvan"ı yaxşı bilirlər, deməli, yaxşı şeydir. Odur ki, hürriyyəti-nisvan deyə bir şəstlə banladım.
Doğrudan da, hürriyyəti-nisvan mən başa düşən kimi olsaydı, elə yaxşı olardı! Mən belə anlayırdım ki, hürriyyəti-nisvan bundan ibarətdir, məsələn: arvad oxuyar ədəb alar, uşaqlarına ədəb verər, kişiylə rəftar eləməyin tərzini öyrənər. Daha döyülməz, doktor-moktor olub, müslimələrə müalicə edər; uşaq saxlamağı öyrənib uşağa tiryək verə-verə daha çöpə döndərib öldürməz. Xülasə, belə işlərə mübaşirət edərlər. Bununla özləri də asudə olar, millət dəxi səadətə yetər. indi görürəm, xeyr a... hürriyyəti-nisvan mən zənn etdiyim deyilmiş, bir ayrı şey imiş.
... Hürriyyət və təsəttüri-nisvan, ikisi də ondan ibarətmiş ki, arvad üz-gözünü, döşünü, sinəsini, əl-ayaqlarını... layıb bulvara, kluba, oyan-buyana çıxsın. İndi özüm də məəttəl qalmışam ki, biz hansı hürriyyəti-nisvandan istəyirdik. Əgər sözümü dəbbələyim, o vaxt mənə də bəzi intelligentlərimiz kimi məzhəbsiz deyəcəklər. Əgər dəbbələməyib desəm ki: hə, hələ yaxşı hürriyyəti-nisvandır, bu da yaramaz, Molla Babanın müridləri ilə qələt eləyib, belə işə "hə" demərəm. Xülasə, qalmışam cənnətlə cəhənnəm arasında. Qızlar da o qədər qudurmuşlar ki, gətirib "Babai-Əmir"də kişilərə protesto yazmışlar. Eh, vallahi, onlan o qədər döydürürəm ki, Molla Baba özü də afərin deyər. Demə yazıq Molla Baba qabaqca bilirmiş hələ mən də bilirdim. Amma bu xalqı başa sala bilmədik. Şairliyim yavaş-yavaş cuşə gəlir, deyəsən, protesto yazacaq.

Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Deyərdi Molla Baba: qoymayın bu qızları dərsə,
Bizə kələk törədər qız ülum təhsil edərsə.
Yazıq ha dad elədi, qız azar, dərsə gedərsə,
Bu xalq inanmadı, fırlatdı düzgün işləri tərsə.
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Adam kimi oxuyursuzsa, pudra-mudra nədir bəs?
Gedin günüzləri dərsə, gəlin evə yenə bisəs.
Deyən gərək bulara bu klub nə şeydir, a nakəs!?
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Əvvəlcə duymuşdum qızların kələklərini mən,
Ha söylədim, ha dedim, heç kəs eşitmədi məndən;
Adam tutub ayıra bu qızın başını bədəndən;
Xülasə, lap çaşıb ağlım, baxır bu xalq da gendən,
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Əvvəlcə anlamamışdım nədir təsəttüri-nisvan,
Deyirdim elm oxuyub, qız olar özünə bir insan.
Necə ki, hökm eləyib müsliminə ayəti-Quran,
Döşün açib gəzəcəkdir bilirmiyəmmi Tükəzban?
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!

Bu vaxtda yaraşırmı, xanımlarım, bizə bulvar?
Eşitmişsinizmi bizim türklərdə böylə məsəl var:
Əvvəlcə çıx yoxuşu, sonra gözlə pişdə həmvar;
Siz indidən ki, belə tutmuşsuz, bununla nə artar?
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!