Hüseyn Ərəblinskiyə (Cəfər Cabbarlı)
Hüseyn Ərəblinskiyə Müəllif: Cəfər Cabbarlı |
Hüseyn Ərəblinskiyə ithaf |
Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!
Çox çəkib cövrü-cəfa qardaşımız məzlum Hüseyn!
Zillət içrə etdin abad səhneyi-millimizi,
Xabi-qəflətdən oyatdın milləti-küllimizi.
Ac-susuz atdın özün bu kəşməkeş meydanına,
Millətin bir cam yetirdin səhneyi-ürfanına.
Səhneyi-milli səninlə bir təcəlla bulmada,
Sən vəli bir xaki-zülmətə şitaban olmada.
Çəkdiyin cövri-cəfanın intəhasın bilmədin,
Həsrətin qəlbində, bir cəllada can tərk eylədin.
Cismini millət qəmi çoxdandu milliləndirdi, ya
Qoymadı rahət səni, zatında cuş etmişdi ya!
Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin,
Leyk, bir cəllad əlində qəlbin bərbad eylədin.
Xalq unutmaz xadimin, ey millətin dilarəsi,
Millətin ruhunda yer açmış şu qurşun yarəsi...