Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət Müəllif: Abbasqulu ağa Bakıxanov |
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət,
Bu qəra üzlüyə bax gördü nə ali hörmət!
Gözlərin keçmiş idi, yar, qanımdan, niyə bəs--
İntiqam almaq üçün indisə vermir möhlət?
Eşq rahində itən qəlbimi mən tapmayıram,
Görünür çoxdu bu yollarda itən cəmiyyət.
Zülfünü mənzil edibdir özünə mürği-dilim,
Qəribin mənzili daim olur axşam zülmət.
Saqiya ver mənə bir badə içim fürsət ikən,
Bu orucluq ayı sonra mənə verməz fürsət.
Qara xal məhrəm olubdur dodağın guşəsinə,
Qara hindu nə gözəl yerdə olubdur rahət!
Çoxları cəhd elədi vəsf edə bu hüsnünü yar
Xoş kəlam Qüdsiyə oldu belə nemət qismət.