Həcər (Aşıq Ələsgər)

Həcər
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Müxəmməs

Naqafil çıxdın qarşıma, Gözəllər sultanı, Həcər!
Gəzmişəm, görməmişəm sən kimi insanı, Həcər!
Dişlərin dürr dənəsi, ağzın gövhər kanı, Həcər!
Ay qabaq şölə verir cahan çırağbanı, Həcər!

Başında herat kəlağay, hər paltarı darayıdı;
Bəşərə bənzətmək olmaz, göydə mələklər tayıdı.
Turunclar baş göstərib, qoynu Behişt sarayıdı;
Aşıq görüb bu dünyada Cənnəti-Rizvanı, Həcər!

Ağ ipəkdən dizliyi var, köynəyini geyib sarı;
Gərdənə həmayıl salıb, ətəyə düzüb mirvarı.
Yaradandan istəmişəm, var əlində ixtiyarı;
Sara qismət eyləməsin sən kimi tərlanı, Həcər!

Gözəllərin gözüsən, sədan düşüb hər mahala;
Qaşların cəllad olub, qəsd eləyir canlar ala.
Mən sana "bacı" dedim, xalq düşməsin kəc xəyala;
Ələsgərdən incik olma, gözlərin qurbanı, Həcər!