Həmişə könlüm ol məhparənin vəslini yad eylər
Həmişə könlüm ol məhparənin vəslini yad eylər Müəllif: Mirzə İsmayıl Qasir |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Həmişə könlüm ol məhparənin vəslini yad eylər,
Budur bais, ona bu xəstə canını etimad eylər.
Edibdir parə-parə könlümü bir az nigahilə,
Müşəxxətdir bu cadugər cahanda çox fəsad eylər.
Yüzün göstərcək o gülrux vücudimdən əsər qalmıb,
Gözümdən qayib olcaq dərdimi həddən ziyad eylər.
Bu yoldan dutmuşam şövqilə möhkəm daməni-hicri,
Yəqinimdir məni vəslindən ol məh namurad eylər.
Nə tərsa məzhəbin ol yari-birəhm ixtiyar eylib,
Nə dini-paki-islama həqiqət etiqad eylər.
Nədir, yarəb, səbəb dilbər məni daim qılıb məhzun,
Rəqibin naz birlə xatirin peysətə şad eylər.
Biri yarsın qara bağrım, biri qanımı nuş etsin,
Gözü kirpikləri birlə bu qəsdə ittihad eylər.
Yəqin kilki-qəza bu dəftəri-aləmdə əzzəldən,
Mənim bədbəxtlər silkində ismimi səvad eylər.
Yazanda səfheyi-divanə hicran şərhini Qasir,
Qələm kirpiklərindən, göz qarasından medad eylər.