Hər dərd ki, Ondan gələ, dərman yerindədir

Hər dərd ki, Ondan gələ, dərman yerindədir
Müəllif: Seyid Yəhya Bakuvi

Hər dərd ki, Ondan gələ, dərman yerindədir,
Can dostuna bu lütf elə bil, şan yerindədir.

Eşqindən onun dərdü bəla hasilim olmuş,
Təşrif gətirən dərd elə mehman yerindədir.

Aşiq əgər eşqindən onun ölməyib isə,
Bir yoxla, fəna içrədə, bican yerindədir.

Gər fani olan fanidə mütləq fəna olur,
Baqi olan bəqadə də canan, yerindədir.

Yoxluq dənizində itərək qərq olacaqsan,
Axtar ki, bəqa hardadı, tufan yerindədir.

Bu fırtınadan kimsə nicat tapsa,onunçun
Bir qorxu iki aləmə nöqsan yerindədir.

Sahildə susuz təşnədən ölmək gecə-gündüz,
Bir macaralı, gülməli dastan yerindədir.

Hər kimsə fəqir zövqünü duysa, fəqir olmaz,
Bil ki, iki aləmdə də insan yerindədir.

Alimləri zahidləri saysan, saya gəlməz,
Sevgi tanımaz qəlbləri viran yerindədir.

Dəryaya cuman dalğıca oxşar hər ağıllı,
Aşiqsə görər gövhərü mərcan yerindədir.

Şükran oluban, Seyyida, sən canı nisar et,
Bil ki, fələyin gərdişi, hər an yerindədir.