Hər gün müsibət, hər yer Dərdbəla canlara

Hər gün müsibət, hər yer Dərdbəla canlara (1993)
Müəllif: RAUF CAVAD

Lənət olsun o əzab verən nadanlara,
Ar olsun zülm edən insafsız insanlara.
 
Ümid yoxdur belə getsə qozbel dövrana,
Alıb zülm başın gedir qədim zamanlara.

Tarix danışır dünən-bu gün olanlardan,
Cümlə qurur, vurğu vurur hər cür anlara.
 
Bitməyir ki, zülmlər, günü-gündən çoxalır,
Keçmiş təkrarlanır, gələcək olanlara.

İblis, Adəmi asi edir istəyinə,
Axmaq azır, döndərir üzün şeytanlara.
 
Fitnəkar düşmən kəsilir kəndi irqinə,
Qıyır məzluma, kimsəsiz-qəribanlara.

Doymayır torpaq tökülən insan qanına,
Hər gün müsibət, hər yer Dərdbəla canlara!

Xalqın malını talayır, utanmır vicdan,
Qurub hökümət olub hakim filanlara.

Lənət olsun kimə?! Qaniçən hökümdara!
Tapdalayır Haqqı, gözü doymur qanlara!

Şahmar sarılıb boğaza sıxır boyundan,
Kor gözləri yem edir kinli ilanlara.

Quran diri-canlı danışır düşünənlə,
Oxu din-vicdanı, ol Ümid gümanlara!

Hər gün dərd sevgi şəfadır Rauf sevənə,
Gəl et nəfsini qurban, ol yar ehsanlara!