Hərb ilahi qarşısında

Hərb ilahi qarşısında (1917)
Müəllif: Hüseyn Cavid


Ey odlu şəhpərilə saçan zəhri-intiqam!
Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha!
Oldunsa bunca qəhrü fəlakətlə şadkam,
Artıq bitir şu səhneyi, ey müftəris dəha!
Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər!
Endir də bir qədər nəfəs alsın bəni-bəşər.

Sarmış bütün cihanı həyahuyi-dəhşətin:
Yalnız bəşərmi pənceyi-qəhrində sarsılan?
Hakim havada, yerdə, su altında vəhşətin,
Vəhşilərin də zülmdən olmaqda bağrı qan.
Qaplanlar iztirab ilə hər an dilər aman,
Qartallar iştə etmədə həp tərki-aşiyan.

Ey şiddətü qəzəb savuran hamiyi-zəfər!
Artıq yetər, usandı cihan, sən də bir usan!
Tərk et şu qanlı torpağı, artıq çəkil, yetər!
Hər kəs didişmədən yorulub şimdi ruh açan
Azadə bir havada çiçəklənmək istiyor,
Pək tatlı bir ümidlə əylənmək istiyor.

Şərr olmadıqca xeyrə qavuşmaq məhal olur.
Qəsvətli, sisli hər gecədən bir günəş doğar.
Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur,
Qan aqmadıqca kimsəyə gülməz o işvəkar.
Zatən bu, köhnə yurdumuzun köhnə adəti,
Hər tanrının qan içməyə var hüsni-rəğbəti.

Zülmət dağıldı, zülmü fəsad oldu payimal,
Hər yerdə sanki haqqü ədalət gülümsüyor.
Al bayrağın qanatları altında, pürməal
Hər çöhrə, hər dodaq saçıyor ləmə-ləmə nur.
Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal...
Dünyada varmı hürr əcaba? İştə bir sual!..


'