Hərdəm, kim olduğunu düşün

Hərdəm, kim olduğunu düşün! (1997)
Müəllif: RAUF CAVAD

Hərdəm, kim olduğunu düşün!
Düzgün yolun, sonunu düşün!

Düşünərkən, anlarsan sirri,
Gəl, sirrin kəşf yolunu düşün!

Kəndini dərk eylə var ikən,
Sonunda, yoxluğunu düşün!

Həyat bir gündür! Ömrün güldür!
Üzünü güldür, bunu düşün!

Bilməz ki, Zahid, kimdir dünya!
Şah damarda Arzunu düşün!

Hər yerdə təcəlla edib Həqq,
Aç gözün sağ-solunu, düşün!

Görsə kim ki, görər yox özün!
O Xəyalın ruhunu düşün!

Üfür bəşərə sirri, Rauf!
Necə doğulduğunu düşün!