Həsrət (Ağdabanlı şair Qurban)

Həsrət (1924)
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.57

 
Qaqqıldaşıb, gülüşənlər,
Mən çəkirəm nalə, həsrət.
Qəmnən bağrımı deşənlər,
İstər canım ala həsrət.
 
Yara yoncuyub, yalvaram,
Bəlkə bu dərddən qurtaram.
Şan üstündən sızıldaram,
Necə zənbur bala həsrət.
 
Gəl, pünhan deyib-danışaq,
Küsdürübsən, bir barışaq.
Titrər buxaq, bədən yumşaq,
Etdim bu xəyala həsrət.
 
Durna telli, quş avazlar,
Qatarlanıb quba-qazlar.
İnsaf edin gəlin-qızlar,
Qurban, çək dal-dala həsrət.