Həzrət Süleyman və bayquş
Rəvayətlər. Həzrət Süleyman və bayquş Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həzrət Süleyman Sara adlı gözəl bir qızla evlənmək istəyir.
Lakin qız şərt kəsir ki, su üzərində quş qanadından bir ev tikdirsin,
sonra gələrəm. Həzrət Süleyman bütün canlının hökmdarı oldu-
ğundan əmr edir ki, bütün quşlar yığılsın. Cəmi quşlar az keçmir ki,
Həzrət Süleymanın yanına toplaşırlar. Həzrət Süleyman bir də
baxır ki, cəmi quşların arasında bayquş gözə dəymir. Soruşur ki,
bəs bayquş hanı? Deyirlər ki: “Deyir, gəlmirəm”. Həzrət Süleyman
qəzəblənib qırğını bayquşun dalınca göndərir. Qırğı isə bayquşla
dost olub. Deyirlər bu dostluq indi də davam edir. Bayquş qırğının
sözünü yerə salmayıb Həzrət Süleymanın qulluğuna gəlir. Həzrət
Süleyman bayquşa deyir:
– Sən mənim əmrimi yerinə yetirmədiyin üçün sənə ağır cəza verəcəyəm. Ancaq sənə üç sualım var, əgər tapa bilsən, azad edəcəyəm, yox əgər tapa bilməsən özündən küs.
Bayquş deyir:
– Buyur.
Həzrət Süleyman soruşur:
– De görüm abad yer çoxdu, ya xaraba?
Bayquş cavab verir:
– Xaraba. Çünki xaraba xarabadı, abad yer də vaxt gələcək xarabalığa çevriləcək.
– Bu cavabın düz. İndi de görüm, ölü çoxdu, yoxsa diri?
– Əlbəttə, ölü. Ölü ölüdü, dirilərin də vaxtı çatıb öləcək.
– Bu da yaxşı. Bəs, arvad çoxdu, kişi?
– Arvad.
– Nə üçün?
– Çünki arvad arvaddı, sənin kimi arvad sözünə baxan kişilər də arvadların bir tayıdı.
Söz Süleyman peyğəmbərin çox xoşuna gəlir. Bundan sonra o, bütün quşları azad etdirir. Onu isə quşlara hökmdar təyin edir, özünə də bəylik verir. Həm də nahar yeməyi üçün hər gün bir sərçə ayırır. Bu əmri Həzrət Süleyman verdiyindən bayquş heç bir əziyyət çəkmir, sərçələr özləri bayquşa yem olmağa gəlir, həmişə düz onun qarşısına çıxırlar. Bayquş da gündə onlardan yalnız birini tutub yeyir.