Halal gəzər
Müəllif: Kəminə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Dünya bir biməşrəb yerdir,
Haram gəzər, halal gəzer.
Mal yiyəsi filan baydır,
Adam yerinə mal gəzər.

Şəriəti bilsen doğru,
Ayıtmasan oldun oğru.
Qazi əyri, müfti əyri,
Əlif yerinə dal gəzər.

Qalıbdır kəlamın sözü,
Kor bəyənməz görən gözü.
Pir olar şeytanın özü,
Sofilər həm xəyal gəzər.

Səna olmaz sübhi-şamda,
Dil qiybətdə, qulaq tamda.
Kəminə der: bu əyyamda,
Savab yerinə kal gəzər.