Hamısın tapa bilirəm, birin tapa bilmirəm
Hamısını tapa bilirəm, birin tapa bilmirəm Müəllif: Mirzə Ələkbər Sabir |
Bir belə məsel vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.
Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
Təşbihən, hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə uşaqlara qəyyum olub və hər ixtiyarı da yədi-təsərrüfünə keçirir. Söz gəlişi, uşaqların anasına naməhrəm olmasın deyə, nigah da oxudur. Bəli, müsəlman olan adam gərək belə də olsun… Və səğirlərində pulundan çox xərc olmamaqdan ötrü nökərləri-zadları da azad edir. Ancaq uşaqlar nökərlərin xidmətlərin dəröhdə edə bilirlər, eləməselər də yaramaz; çünki Hacı əmi şapalaqlayır. Qaldı ki, mülk, mal və pul - onları da icarəyə və muamiləyə verib işlədir.
Bəli, vəqt o vəqt olur ki, uşaqlar böyüyürlər, indi gərək Hacı əmi uşaqlara hesab versin.
Hesab isə barmaq hesabından başlanır, yanında yatır, palçığa batır, elə qabil bir şey qalmayır ki, Hacı əmi uşaqlara versin. Burasını istəyirəm ərəbcə deyim ki, başa düşən olmasın: deməli ki, Haci əmi “bəllətü” edib “həzmi-rabə”dən oturmuş olur.
Hə, imdi deyəcəksən ki, bu sözlərinin yuxarıda dediyin misal ilə nə münasibəti var?
Yox, əzizim, bir dayan, qoy sözümü ayağa kim deyim, gör münasibəti var, yainki yoxdur.
Vəqt ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzetə müxbiri də bu sözləri eşidir, götürüb qazeteyə yazdırır.
Hərçənd Hacı əmi oylə israfçı adam deyil ki, ildə beş-on manat verib bir qəzeteyə abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oxusun. Ancaq qonşudan alıb oxuduğu müftə qəzetedə nagah görür ki, bu əhvalat yazılıb, hələ olan kişinin acığı tutub, iki əlli bir qapaz müxbirin başına oylə ilişdirir ki, yazığın papağının nədir ki, öz qulağı yırtıq olur. Odur ki, deyirəm, hələ belə də gərək olsun…
Amma burada yenə bir az fikirləşirəm; fikirləşirəm ki, Hacı əmi müxbirin başına qapazı neçün ilişdirdi?
Tapıram ki, Hacı əminin elədiyi əməlin yazdığına görə…
Fikirləşirəm ki, müxbir bu sözlərin yalandan yazıb imiş, yoxsa doğurdan?
Tapıram ki, doğurdan yazıb imiş.
Fikirləşirəm ki, bu əməl yaxşı əməl [deyil] imiş, hətta hacı əminin xuşkə möminliyinə də yaraşan əməl deyil imiş.
Fikirləşirəm ki, pəs Hacı əmi qapazı öz başına ilişdirməyib müxbirin başına neçün ilişdirdi və halonki bu əməli işləyən hacı əmi özü imiş, müxbirin təqsiri nə imiş? Əcəba, buralarını hərçi fikirləşirəm, tapa bilmirəm ki, tapa bilməyəcəyəm. Deyirəm, görəsən diqqət edim, bunu tapa biləcəyəmmi?
Tapa bilsəm də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!.. Indi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim işim deyil!..