Hanı (Aşıq Valeh)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Hanı Müəllif: Aşıq Valeh |
Dəhri-fənada belə insan hanı?
Qılmaya fani onu dövran, hanı?
Ey bivəfa dünya, sən nə zalımsan?!
Bu qayətdə sana gələn can hanı?
Əvvəl sana gəldi Adəmü Həvva,
Beş gün qonaq oldu səndə binəva.
Öldürdün Habili, saldın bir dəva,
Düşdü arasına nahaq qan, hanı?
Neçə padişahlar gəldi sahib-cəng,
Cəmşidi-Cəm, Nuşirəvanü Huşəng,
Daqyanus, Hülaku, Çingiz, Teymurləng,
Onlardan bircəsi bu zaman hanı?
Neçə həkim gəldi təbibi zaman,
Ərəstu, Əflatun, Fərəzdəq, Xaqan.
İstədi dirildə özünü Loğman,
Qaldı kuzəsi də yarımcan, hanı?
Dünya, səndə Aşıq Səməd var idi,
Nəzmü şeri ləlü gövhərbar idi,
Bir gözəl eşqinə giriftar idi,
Onun kimi bəs bəhri-ümman hanı?
Bu dünyada heç də gəzməmişdi kəm,
Aşıq Əli oğlu Aşıq Məhərrəm,
Həsrətin çəkərdi Rum, həm Əcəm,
Əlində tütəyi-balaban hanı?
Tamam yola gedər heyif gözəllər,
Sərdə müşkü ənbər qoxuyan tellər,
Murad üstə neçə xınalı əllər
Torpağa döndülər vay, aman, hanı?
O ala gözlərə, o gül yanağa,
O nazik əndama, o tər buxağa,
Necə qıyıb döndərirsən torpağa?
Nazənin-nazənin incə can hanı?
Hafizü, Nəvai, Füzuli, Cami,
Şeyx Sədi, Hilali, Ürfi, Nizami,
Dünya, səndə gəşt eyləyib tamami,
Firdovsi tək nəzmi dürr-əfşan hanı?
Hanı Molla Pənah, bivəfa cahan,
Təxəllüsü Vaqif, nəzmi dür-əfşan.
İndi eyləmisən xakilə yeksan,
Tapmaq olmaz o kamalda can, hanı?
Müşkül işdi bir də dolana dövran,
Növbət mənə yetə, aman, əlaman!..
Bir gün ola, görən, bilən, tanıyan
Deyələr Valehi-natəvan hanı?