Hanı o yarə uyub, xəlvət etdiyim gecələr
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr Müəllif: Həsənəli xan Qaradaği |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?
Ənisü-munis, olub söhbət etdiyim gecələr?
Necoldu, bir mən idim, bir də ol nigarım idi,
Hərimi-qürbidə mən şöhrət etdiyim gecələr?
Gözüm gözündə, əlim daməni-vüsalində,
Hanı o yarə durub minnət etdiyim gecələr?
Necoldu, bari-xudaya ki, yar ilə var idim,
Həmişə eyşdə mən, işrət etdiyim gecələr?
Mən fəraqində axir belə deyildim ki xar,
Vüsal şahidiyəm, izzət etdiyim gecələr?
Fəraqi-cövrünü bilməm, bu qədri mən çəkirəm,
Ki, bir də qismət ola, vəslət etdiyim gecələr?
Nəsib ola, Qaradaği, bana görüm bir də
O yar ilə qonuşub, ülfət etdiyim gecələr?