Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Haray, haray
Müəllif: Əndəlib Qaracadaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Zülm eyləyib bu gərdişi-dövran, haray haray!
Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Göz yaşı sel tək aşdı başımdan, haray, haray!
Könlüm sarayın eylədi viran, haray, haray!
Bir olmadı bu dərdlərə dərman, haray, haray!

Ey çərxi-bivəfa, yenə zülmün əyan olub,
Əğyarə yox, mənə zülmün yaman olub,
Qövmü əqraba nə var, hamı gözdən nihan olub,
İllət nədir ki, bir bu qədər bədgüman olub,
Görməz bu zülmü gəbrü müsəlman, haray, haray!

Görməz bir öylə qaməti dünyada heç çəmən,
Zülfü saçılmış ay üzünə, sanki yasəmən,
Əsla ki, bir ola o gözə ahuyi-Xütən,
Bağrım qan oldu, seyr eyləyəndə o qaşı mən,
Qan içdirir o çeşmeyi-müjgan, haray, haray!

Bilməm bu könlümün nə qüsuri, günahı var,
Qalmaz əlində böylə ki, bir səbrlə qərar,
Əğyarə yar olub dedilər ki, o şux nigar,
Ey vay, əgər ki, keçsə belə qarə ruzigar,
Məskən olar mənə o biyaban, haray, haray!

Baldan şirin o dilləri indi yad edir könül,
Böylə xəyal ilə özünü şad edir könül,
Biçarə, bax, bu növ ilə fəryad edir könül
Kimdir fələk əlindən elə dad edir könül,
Min aşiq öldürüb sitəmlə bu meydan, haray, haray!

Sənan şeyx ikən o cürə bütpərəst olub,
Vurmuş daşa piyaləni eylə şikəst olub,
Huşyar imiş əzəldə, dönüb böylə məst olub,
Heç bilmədim ki, gün dönüb axşam nə vəqt olub,
Getdi aman, din ilə iman, haray, haray!

Aldatmayın məni belə, ey dostlarım, daha,
Dildara yetməyib qalıb ancaq bir Allaha,
Əl çək, təbib, bir də sağalmaz dəyən yara,
Olmaz daha bu Əndəlibin dərdinə çara,
Gülzarının üzü dönüb ondan, haray, haray!