Hardadı
Müəllif: Aşıq Valeh
Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5


Molla Kərim, indi səndən soruşum,
Söylə, sənin din-imanın hardadı?
Cəhənnəm əhlisən, yoxsa ki Cənnət,
Bilirsənmi, öz məqamın hardadı?

Kədərin hansıdı, kinin hansıdı,
Məzhəbin hansıdı, dinin hansıdı,
Ahılsan, cahılsan, sinin hansıdı,
Mətləbin hardadı, kamın hardadı?

Etiqadın İsayadı, Musaya,
Meylin məscidədi, yoxsa kilsaya,
Qiblən müqərrərdi, hansı binaya,
Vadiyi Berutda damın hardadı?

Aşiq Valeh sənətindən dönərmi,
Yel əsməklə yanan günəş sönərmi,
Pəhləvan döyüşdə, qaçıb sinərmi,
Meylin badə çəkir, camın hardadı?