Hardan gəlir? (27.01.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Haqq-ədalət Tanrıdan, pisliklə kin hardan gəlir?

Göydə çoxdursa mələk, şeytanla cin hardan gəlir?


Məqsəd insan ömrünü asan keçirməkdir əgər,

Kim vurur bunca düyün, müşkül, çətin hardan gəlir?


İt başında var ağızlıq, xaltası boynundadır,

Hər kəsə bəs diş qıcırdan kəlbətin hardan gəlir?


Ey ki, dersən insanam, Tanrım yaratmış lütfdən,

Şeytana bağrıbadaşlıq adətin hardan gəlir?


Gecəvü gündüz ibadət eyləyirsən Tanrıya,

İblisə könlündə hərdən hörmətin hardan gəlir?


Sən sözü at ortaya, dur bir qıraqda seyr elə:

Fərqi varmı tənqidin, ya qiymətin hardan gəlir...


Hey baxır Teymur, görür dünya cəhənnəmdir hələ;

Bir sorun: könlündə uçmaq-cənnətin hardan gəlir?