Hasına
Müəllif: Aşıq Əsəd
Mənbə: Aşıq Əsəd Rzayev. Sazın-sözün Koroğlusu. Bakı, "Zərdabi LTD" MMC, 2010.

Eşq əlindən cavan ömrüm solubdu,
İndən sonra heyifinim hasına.
Ömür başa yetib, dil təng olubdu,
Bu dərdimdən dərman olar hasına?

Mərd igidlər el içində qaladı,
Eşq atəşin, bu sinəmdə qaladı,
İgid ölsə bu dünyada qal adı,
Xoşbəxt odu qismət ola hasına.

Tale bərk yüklüdü, çatmır aza dam,
Şükürlər olsun ki, qəmdən azadam.
Dostluğa möhkəmdir Əsəd, az adam,
Tamahkırı ha yoxlaşdır, ha sına.