Hatifdən gələn bir nida deyir ki ("Görəsən Məmdəlinin yandığı əf’alı nədir?")
Hatifdən gələn bir nida deyir ki: Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 309-310. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Görəsən Məmdəlinin yapdığı əf’alı nədir?
Bu səyahətdən onun qayeyi-amalı nədir?
Zilli-Sultan ilə, aya, nə üçündür bu görüş?
Naibüssəltənəyə ya deyəcək halı nədir?
Vyana teleqrafları deyir ki:
Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan,
Sənə nə ta biləsən bunların əqvalı nədir?
Şübhələnmə, yox onun gizlicə bir başqa işi,
О gedir ta görə Avropanın əhvalı nədir.
"Naye-Fraye-Press" qəzetəsi deyir ki:
Bizə pək doğru xəbərlər yetişir Irandan,
Yazıyorlar ki, işin surəti, əşkalı nədir!
İstəyir Məmdəli hürriyyətə bir zərbə vura,
Yoxsa Avropada bica onun əşğalı nədir?!
Berlin mətbuatı ciddən inandırır ki:
Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini
Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?!
Yenə İranə onu şah edəcəklər deyəsən,
Gər bu şah olsa yazıq millətin əhvalı nədir?!
Rusiya mətbuatı deyir ki:
О özü gəzməyə çoxdan bəri müştaq idi,
Ona lazım deyil İran nədir, əmsalı nədir!
О, siyasi işə hərgiz də qarışmaz, çünki
Özü çox yaxşı bilir ki, bu işin dalı nədir…
Məclis ol vəqt ona bir çet də məvacib verməz, –
О zaman Məmdəlinin söyləyəcək qalı nədir?
Naibüssəltənə ilə bu səfərdə ancaq
Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir!
Gələcək məs’ədətiçin danışıb İranın –
Ona yol göstərəcək surəti-ikmalı nədir!
Məşhur professor Vamberi deyir ki:
Oylə aşiqləri var Məmdəlinin İranda –
Canını fədyə verər, mülki nədir, malı nədir!
Naibüssəltənəyə – əksinə tənzimatın –
Məmdəli hər nə desə yap, onun ehmalı nədir?
Biz də deyiriz ki:
Görəsən boylə ağırdan yatan iranlıların
Üstə saldıqları yorğanların əsqalı nədir?
Daşmıdır, kütləmidir, ahənü fuladmıdır?
Yox, ölüm yorğanıdır, bunlara əmsalı nədir!