Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/Dördüncü məclis

Üçüncüncü məclis Hekayəti Molla İbrahim-Xəlil Kimyagər Dördüncü məclis (1850)
Müəllif: Mirzə Fətəli Axundzadə
Sister Projects. Həmçinin baxın: Haqqında • Şəkilləri • Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti-Molla İbrahimxəlil kimyagərazadliq.org saytı. Yayımlanıb: 05.03.2011
DÖRDÜNCÜ MƏCLİS

Dördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.

Molla İbrahimxəlil: Molla Həmid, çadırdan tez zərgər kürəsini butəsilə kiçik körük ilə çıxar gətir! Kürəni yerə qoy, körüyün lüləsini ona keçir, kürəyə od sal, butəni üstünə qoy. Çadırın dalısından kömür çuvalını gətir, kürənin yanına tök. Gir çadıra, bir məcməi içində üç rəngarəng balaca şüşə var və üç rəngarəng bükülmüş kağız var, götür gətir; sarı bükülmüş kağızı aç, içindəki əczani tök butəyə, yaşıl şüşənin suyunu endir butənin içinə otur, körüyü bas!

Bu buyruqlar tamam olandan sonra Molla İbrahimxəlil dəmir maşaya yapışıb butəni od üstündə bərkidir. Bu halda birdən çadırın dalısından, qıraqda atdan enmiş nuxuluların başları görükür. Molla İbrahimxəlil öz işinə məşğuldur. Aşağı əyılib butəyə baxır, nuxuluları görmür. Amma onlar Molla İbrahimxəlili bu halət ilə görməkdən vəcd edib, şövqdən qaim sövt ilə çığırırlar.

Nuxulular: Səlam-əleyküm!..

Molla İbrahimxəlil: (başını qovzuyub) Əleyküməssəlam! Ax, siz bu gün nə üçün buraya
ayaq basdınız?! Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə müsibət olmaz ki, məni
saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zae etmək
fikrindəsiniz! Vay, vay! Ax, ax, ax.

Nuxulular: (təhəyyür ilə) Ağa, nə vaqe oldu? Bizdən nə təqsir sadir oldu? Biz nə eləmişik?

Molla İbrahimxəlil: (kəmali-yəsdə) Dəxi bundan artıq nə edəçəksiniz ki, bu gün iksir tamam və təkmil olan saatda və əcza butədə qaynayan vaxtda bu yerə ayaq basdınız. Axır iksirin xasiyyəti budur ki, butədə qaynadığı yerin dörd ətraf və həvalisində bir ağacadək əcnəbi bəniadəm ayağı gərək basılmasın. Və illa iksir öz xasiyyətini itirib havaya qalxar və puç olar. Necə ki, Şəkkaki-müsəxxiri-əcinnə bu xüsusda təkidati-bəliğə edibdir. Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric xəlvət guşəyə özümü çəkmişəm?

Nuxulular: (heyrətlə) Ağa, biz sizin buyruğunuza görə gəldik; otuz gün bu gün tamamdır.

Molla Ibrahimxəlil: Axı, mən demişdim ki, otuz gündən sonra. Bunun mənası budur ki, otuz gün ötürüb otuz birinci gündə gərək gələydiniz ki, iksir hazır olmuş və gümüş kürədən çıxmış olardı. Siz gəldiniz otuzuncu gündə, iksirin butədə qaynamaq vaxtında. Ax, ax, ax!

Nuxulular: Hələ ki, belə ittifaq düşübdür, biz bilməmişik. İndi bunun çarəsi nədir?
Molla İbrahimxəlil: Dəxi əsla çarəsi yoxdur, nə iksir əmələ gələr, nə gümüş olar, məgərinki siz... Əlac münhəsirdir ancaq buna...

Molla Həmid: Məgərinki... Biz nə eləyək, ağa? Əlac nəyə münhəsirdir?

Molla İbrahimxəlil: Dəxi ki, gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki qanuni-kimya təqaza edib, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz. Əlac buna münhəsirdir; və illa həmin iksir ki, indi bir aydır müttəsil onun pərvərişində zəhmət çəkirəm, türfətül-eyndə puç olub havaya qalxacaqdır. Xasiyyəti belədir, necə ki, Çullu həkim mükərrər təcrübə edib, öz kimya kitabında sərahətən yazıbdır.

Nuxulular: (əlac səhl görünməkdən sevinib bir yerdə) Çox yaxşı, ağa, bu bir asan işdir; təki iksirin təkmili buna mövquf olsun...

Molla İbrahimxəlil: Bəli, həmin buna mövqufdur. Allah sizdən razı olsun, mən sizdən razı
oldum. Molla Həmid, körüyü bas!..

Molla Həmid körüyü basır, Molla İbrahimxəlil butəni dəmir maşa ilə çevirir. İçinə yanındakı əczalardan birisin tökür, şüşələrin birisindən damızır, geri çəkilir. Saatı qoyun cibindən çıxarıb baxır. Bu halda Ağa Zaman həkim üzünü ona tutub.

Ağa Zaman həkim: Ağa! Bundan başqa çarə yoxdurmu?

Molla İbrahimxəlil: Nədən başqa?

Ağa Zaman həkim: Meymundan başqa.

Molla İbrahimxəlil: Kişi, nə danışırsan! Nə söyləyirsən! Vaveila!!!

Ağa Zaman həkim: Axı, necə eləyim, ağa? Meymunu yadımdan çıxara bilmirəm.

Molla İbrahimxəlil: (darılmış və qeyzlənmiş) Kişi, kəs səsini!! Unut fikrindəkini!!

Ağa Zaman həkim: Baş üstə, ağa!

Molla İbrahimxəlil: (şəyirdi Molla Həmidə qeyzlə) Körüyü bərk bas! Yatırsan nədir!

Əyilir butəyə baxır, genə bır zad göy bükülmüş kağızdan butəyə tökür. Bu halda nuxululardan birisi, yəni Molla Salman papağını başından götürüb.

Molla Salman: Uf, nə istidir... Uf, lənətə gələsiniz! Uf, əl çəkməzlər! Çarə yoxdur...

Molla İbrahimxəlil: Kim lənətə gəlsin? Kimdir əl çəkməyənlər? Nədən çarə yoxdur? Nə
söyləyirsən?

Molla Salman: Uf, çarə yoxdur... Əlac yoxdur...

Sair nuxulular: Doğrudur, heç çarə yoxdur... hərgiz mümkün olmur.

Molla İbrahimxəlil: (hamısına qeyzlə) Necə çarə yoxdur? Necə əlac yoxdur? Nə var? Sizə nə olub?

Molla Salman: (yoldaşlarının halətindən və təsdiqindən cürətlənib cavaba iqdam edir) Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun
quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar!.. Lənətə gələsiniz, həmdunələr!

Sair nuxulular: (başların yuxarı qovzuyub) Uf, lənətə gələsiniz meymunlar! Lənətə gələsiniz həmdunələr! Bu nə işdir düşdük.

Molla İbrahimxəlil cəld butəyə bir zad tullayır ki, nuxulular başları yuxarı görmürlər. Bırdən butədən güllə kimi qığılcımlar sıçrayıb hər tərəfə dağılır, butə part edir. İksiri-mövhum barıt kimi havaya uçur. Od hər tərəfə səpələnir, tüstü havanı basır. Molla Həmid körüyün dalısından hövlnak gerı sıçrayır. Molla İbrahimxəlil ikiəlli saqqalının tükünü yolur; gah dizinə çırpır və gah fəryad edir.

Molla Ibrahimxəlil: (nuxululara fəryad ilə) Evinizi allah yıxsın! Bu nə işdir etdiniz? Evinizi
allah yıxsın! Qapınız çırpılsın! (Başının tükünü yolur, dizinə çırpır.)

Nuxulular: Ağa, sakit ol! Aram tut. Olacağa çarə yoxdur. İndi bizim təklifimiz nədir?

Molla İbrahimxəlil: (şiddət diltənglik ilə) Sizin təklifiniz nədir? Təklifiniz budur ki, indi gün
batmamış özünüzü yaxın kəndlərə yetirəsiniz. Qabaqdaki iksirin müddəti-təkmilinə qədər, yəni otuz bir gün gözətləyib, genə buraya qayıdasınız. Həmin cüzvi beş min manat pullarınız əvəzində ki, bir para zəruriyyəti-lazimiyyə üçün bilkülliyə məsrəf olunubdur, gümüşünüzü alıb aparasınız. Bəşərtiki, mən sizə piş əz-vəqt xəbər göndərməmiş gəlməkdə sibqət eləməyəsiniz ki, məbada günlərin sayında genə bir günə səhv qılmaq ilə bimövqe iksirin təkmilindən əqdəm buraya gəlib o iksiri də bunun kimi xərab etməyəsiniz. Sizdən ötrü müşəxxəs olunan gümüşün üstündə xəyalımdadır ki, pullarınızın faydasını dəxi izafə edəm, ondan ötrü ki, sizə bir parça artıq gümüş vermək, mənə görə heç bir təfavüt etməz. Amma sizin kimi əşxasa bir həbbə də puldur. Xudahafiz, yola düşün, gedin! Mənim xəbər göndərməyimə müntəzir olun! (Gedir öz çadırına başı aşağı, yavaş, öz yanında söyləyəsöyləyə) Ümid olun ki, mən sizə xəbər göndərəcəyəm... Allah qoysa o vaxtadək bir çarə taparam ki, bir də sizin üzünüzü görməyim.

Nuxulular qurumuş mat qalır.

P ə r d ə s a l ı n ı r.

TAMAM OLUR.