Hermes Apollonun inəklərini oğurlayır

Hermes Apollonun inəklərini oğurlayır
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004

Hermes sərin Killen mağarasında təzəcə doğulmuşdu ki, ilk hoqqasını fikirləşib tapdı. O, gümüşyaylı Apollonun inəklərini oğurlamaq qərarına gəldi. Bu vaxt Apollon Makedoniyadakı Pieri vadisində mal otarırdı. Anası görməsin deyə, Hermes sakitcə bələkdən çıxdı, beşiyindən hoppandı və xəlvətcə mağaranın qapısına yaxınlaşdı. Mağaranın ağzında tısbağa gördü, onu tutdu, tısbağanın qınından və üç budaqdan ilk liranı düzəltdi və liraya şirin səsli simlər çəkdi. Hermes gizlicə mağaraya qayıtdı, liranı beşiyində gizlətdi, özü isə yenidən yel kimi, Pieriya vadisinə sarı götürüldü. Gəlib vadiyə çatdı, Apollonun sürüsündən on beş inək oğurladı, iz qalmasın deyə, inəklərin ayağına qamış və budaq bağladı, inəkləri tələsik Peloponnes tərəfə qovdu. Gecəykən Hermes malları Beotiyadan qovanda, üzüm bağında işləyən bir qocayla rastlaşdı. Hermes ona dedi:

- Mallardan birini sənə verirəm, amma mənim burdan mal apardığımı heç kimə demə.

Qoca bu qiymətli paydan çox sevindi, Hermesə söz verdi ki, susacaq və malın hansı tərəfə aparıldığını heç kimə göstərməyəcək. Hermes yoluna davam elədi. Bir az getmişdi ki, dayandı, qocanı yoxlamaq fikrinə düşdü. Malları meşədə gizlətdi, cildini dəyişib Hermes geri qayıtdı və qocadan soruşdu:

- Deynən görək, burdan bir uşaq mal aparmadımı? Malların aparıldığı səmti mənə göstərsən, sənə bir öküz və bir inək verəcəm.

Qoca çox tərəddüd eləmədi: bir öküz və bir inək də qazanmaq həvəsinə düşdü, uşağın malları apardığı səmti göstərdi. Hermesin qocaya yaman acığı tutdu, onu lal bir qayaya çevirdi: qoy əbədi sussun və yadında saxlasın ki, vədə xilaf çıxmaq olmaz.

Sonra Hermes malların dalınca yollandı və onları qabağına salıb yoluna davam elədi. Nəhayət, malları Pilosa gətirdi. Hermes iki inəyi tanrılara qurban kəsdi, qurban kəsilən yeri tərtəmiz təmizlədi ki, iz qalmasın, sonra malları mağarada gizlətdi. Malları mağaraya dalı-dalı saldı: iz mağaraya getmirdi, mağaradan gəlirdi.

İşini görüb qurtarandan sonra Hermes mağaraya anası Mayanın yanına qayıtdı və əsgilərə bələnib sakitcə beşiyə uzandı.

Maya oğlunun evdən getdiyini hiss eləmişdi. Məzəmmətlə oğluna dedi:

- Natəmiz fikirlərə düşmüsən. Apollonun mallarını niyə oğurlamısan? Acıqlanacaq. Bilirsən, Apollon hirslənəndə gözü ayağının altını görmür. Məgər sən onun sərrast oxundan qorxmursan?

Hermes anasına cavab verdi:

- Mən Apollondan qorxmuram, acıqlanır-acıqlansın. Əgər o, səni, ya da məni incitmək fikrinə düşsə, onun Delfdəki məbədini talayaram, onun bütün sacayaqlarını, qızıllarını, gümüşlərini və paltar-palazını oğurlayaram.

Apollon malların itdiyini bildi və soraqlaşmağa başladı. Mallar elə bil yağlı əppək olub göyə çəkilmişdilər. Nəhayət, gələcəkdən xəbər verən quş onu Pilosa gətirdi, qızılı saçlı Apollon mallarını orda da tapmadı. İnəklər gizlədilmiş mağaraya isə baş çəkmədi: axı, iz mağaraya aparmırdı, mağaradan gəlirdi.

Nəhayət, uzun-uzadı səmərəsiz axtarışlardan sonra o, Mayanın mağarasına gəlib çıxdı. Apollonun yaxınlaşdığını eşidən Hermes beşiyin bir küncünə sıxıldı və əsgilərə daha möhkəm büründü. Apollon Mayanın mağarasına daxil oldu, baxıb gördü ki, Hermes məsum baxışlarla beşiyində uzanıbdı. İnəkləri oğurladığına görə Hermesi məzəmmətlədi və mallarını qaytarmağı tələb elədi, amma Hermes mal oğurladığını dandı. Apollonu inandırmağa başladı ki, onun mallarını oğurlamaq heç ağlına da gəlməyib və inəklərinin yerini də bilmir.

Apollon:

- Bura bax, ay uşaq! - deyə qeyzli-qeyzli qışqırdı. -Mallarımı qaytarmasan səni zülmət Tartara salacam, nə atan, nə də anan hoyuna çatacaq.

Hermes cavab verdi:

- Ey Latonun oğlu! Nə sənin inəklərini görmüşəm, nə sənin inəklərini tanıyıram, nə də sənin inəklərin haqqında başqalarından eşitmişəm. Məgər mən bununla məşğulam, başqa işim var, başqa qayğılarım var. Mən yalnız yuxumun, anamın südünün və əsgilərimin qayğısını çəkirəm. Yox, inan inandığımıza ki, mən mallarının oğrusunu görməmişəm.

Apollon nə qədər əsib-coşdusa, hiyləgər, fərasətli Hermesdən söz qopara bilmədi. Axırda Apollon onu beşikdən çıxartdı, mübahisələrini həll eləmək üçün Zevsin hüzuruna getməyə məcbur elədi.

Hər iki tanrı Olimpə gəldi. Hermes bicliyə əl atdı, min bir oyundan çıxdı, amma Zevs Apollonun mallarını qaytarmağı tapşırdı.

Hermes Olimpdən Apollonu Pilosa apardı, yolüstü tısbağanın çanağından düzəltdiyi lirasını da özüylə götürdü. Pilosda malları gizlətdiyi yeri göstərdi. Apollon malları mağaradan çıxarana kimi Hermes girişin ağzındakı daşın üstə oturub lirasını dilləndirdi. Ecazkar musiqi sədası dərəni və dənizin qumsal sahilini başına götürdü. Təəccüblənmiş Apollon Hermesin çalğısına heyran kəsilmişdi. Liranın səsi onun ağlını başından almışdı, Apollon malları verib liranı aldı. Hermes isə yunan çobanlarının sevimli musiqi aləti tütəyi ixtira elədi.

Mayanın və Zevsin fərasətli, diribaş oğlu işıqlı dünyanı fikir kimi sürətlə gəzib dolaşan gözəl Hermes uşaq yaşlarından hiyləgərliyini və zirəkliyini təsdiq eləmişdi, Hermes həm də gənclik gücünü təcəssüm etdirirdi. Palestrların hamısına onun heykəli qoyulmuşdu. O, cavan pəhləvanların tanrısıydı. Pəhləvanlar güləşdən və qaçışdan əvvəl ondan pənah diləyirdilər.

Qədim Yunanıstanda Hermesə daha kimlər ehtiram eləmirdilər: yolçu da, natiq də, tacir də, pəhləvan da, hətta oğrular da.