Hey yaya
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Qaşı cəllad, gözü fitnə, cadukün,
Bənzətmişəm məh camalın hey yaya.
Mən aşiqəm, hey-yaya,
Çək xətəngin hey-yaya.
Əsilə canım qurban,
Bədəsildən hey-yaya.
İncəlmişəm dost zülfündə muy kimi,
Ustadımsan çəksən məni hey yaya.

Sərviboylu, mayıl oldum gül üzə,
Süsən üzə, sünbül üzə, gül üzə.
Mən aşiqəm, gül, üzə,
Şeh düşübdü gülüzə.
Dara yasəmən zülfün,
Qoy yayılsın gül üzə.
Naşı xoryad bağa girdi gül üzə,
Tabım yoxdur mən dönürəm hey yaya.

Dörd kitabdı enib ərşin üzündən,
Katib oxur o kəlamı üzündən.
Mən aşiqəm, üzündən,
Çək rübəndin üzündən.
Bədnəzəri kor olsun,
Uzaq düşsün üzündən.
Dedim gözəl bir busə ver üzündən,
Baş buladı, cavab verdi hey yaya.
 
Dərdin Məmmədhüseynə nümayən oldu,
Sirri bu könlümdə nümayən oldu.
Aşıq nümayən oldu,
Üzün nümayən oldu.
Açıldı məh camalın,
Bizə nümayən oldu.
Gözüm gözlərinə nümayən oldu,
Qaşlarının bənzəri var hey yaya.