Heyf, məndən ol mələksima pəri can istəməz
Heyf, məndən ol mələksima pəri can istəməz Müəllif: Hacı ağa Fəqir Ordubadi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Heyf, məndən ol mələksima pəri can istəməz,
Cismi-bimiqdarımı rahində qurban istəməz.
Mən ümidi-vəsl ilə çox şakirəm hicran üçün,
Aşiqi-sadiq degil hər kəs ki, hicran istəməz.
Könlümə yüz karvani-qəm gəlir, mehmanlanır,
Kaş o ev viran ola, yarəb, ki mehman istəməz.
Ey xoşa, ol dərdməndə kim, təbibi yar ola,
Əhli-eşq ol dərd üçün talibdi, dərman istəməz,
Tarmar olsun o dil kim, yan yox, dildarı yox,
Canəvərdir, can deyil, hər kəs ki, canan istəməz.
Ey gözəl, zülfün kimi könlüm pərişan eyləmə,
Kişvəri-mülkün şahənşahlar ki, viran istəməz.
Canımı qurtar bu qəmlərdən mənim, tök qanımı,
Qorxma, məşuqindən aşiq həşrdə qan istəməz.
Qaməti-sərvin görən, gül tək cəmalın xoşluyan,
Bağə baxmaz, gülşənə getməz, gülüstan istəməz.
Ləblərin şəhdin içən aşiq həyati-Xızr alır,
Meyli-şəhdi-şəkkər etməz, abi-heyvan istəməz.
Küfri-zülfün sevməyən imanı yoxdur, dini yox,
Hansı mömindir kim, o, zülfündən iman istəməz?
Rəhm qıl, miskin Fəqirə, eylə ahindən həzər,
Beylə gündə kafəri, gəbri müsəlman istəməz!