Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.205. |
Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil,
Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng,
Leyk, canpərvər ləbi-lə’lin kimi şirin degil.
Mehriban derlər səni əğyarə, lakin mən ona
Bavər etmən kim, sənə mehr eyləmək ayin degil.
Xublər mehrabi-əbrusinə qılmazsan sücud,
Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil.
Ta Füzuli qamətü rüxsarına vermiş könül,
Maili-sərvü həvaxahi-gülü nəsrin degil.