Hicran edibdi könlüm evin qarət, ağlaram

Hicran edibdi könlüm evin qarət, ağlaram
Müəllif: Rəhim bəy Fəna
Mirzə Rəhim Fəna bu qəzəli gizli məhəbbət bəslədiyi Natəvanı nəzərdə tutaraq yazmışdır
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Hicran edibdi könlüm evin qarət, ağlaram,
Çün ağlamaq olubdu mənə adət, ağlaram.

Ta var idi fəraqına tabım, səbur idim,
İmdi yoxumdu səbr, nedim taqət, ağlaram.

Qəddim fəraqı başıma gətdi qiyaməti,
Ta həşr olunca hər dəmu hər saət ağlaram.

Zülfü ruxun xəyalına sərf oldu ruzü şəb,
Ömrümdə ruzü şəb olmamışam rahət ağlaram.

Xəlqə nədir ziyanı mənim əşki-didəmin?
Bidərdlər edəllə mənə töhmət, ağlaram.

Söhbət macalı olmadı bir dəm səninlə heyf,
Həm dəm qılıb xəyalın ilə söhbət ağlaram.

Bu giryədir açan dili-qəmgini-zarımı,
Göz yaşım ilə yoxdu mənə halət, ağlaram.

Ruyin fəraqıdı səbəbi-giryeyi-fəna,
Didarına qoyubdu fələk həsrət, ağlaram.