Hikmətli sözlər, zəmanədən şikayət və etirazlar

Hikmətli sözlər, zəmanədən şikayət və etirazlar
Müəllif: Mirzə Şəfi Vazeh
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05.

Qəlbimin, ruhumun qanadıyla mən,
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeriyyətdə həqiqətimi –
Tapdım həqiqətdə şeriyyətimi.


Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi!


Uca tut daima arı, şərəfi,
Həqiqət bir şeydir gözəllik ilə,
Olarmı gözəllik gəlməsin dilə?
Cəzadan, təqibdən olmaqçün uzaq,
Bəzən sözlərini söyləmə çılpaq.
Asta ol, özünü daim gözlə sən,
Acı sözünü də de xoş sözlə sən.


Şahların ziynətli hədiyyəsinə,
Təriflə vurarıq daha da ziynət.
Ancaq təbiətin min töhfəsinə,
İnanın, vermərik bir dəfə qiymət.


Selləri coşdurub, çayları axdıran.
Göydə buludlara şimşək çaxdıran.
Sonsuz qüvvələri peyda eyləyən,
Bəşər taleyini vəsf edirəm mən.


İti qılınc sürüşərək düşsə yatağa.
Üzü yumşaq ipək üstən sıçrar qırağa.
Bu dünyada kəskinlikdən, zor gücdən artıq,
Səmər verər xeyirxahlıq və mehribanlıq.


Düzlüklə alçaqlıq çarpışan zaman,
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.


Müdriklik adamı çox xoşbəxt edər,
Lakin elm artdıqca çoxalar kədər.
Bu dünya üzündə xoşbəxtdir axmaq,
Aqil həsəd etməz ona da ancaq.


Mal-dövlət vərəsəlik olsa da, asan,
Zəhmət çəkib bir ev tikmək müşküldür
yaman.
Babaların, nənələrin şanı-şöhrəti,
Nəvələrin qürurunu artırar qəti!
Lakin verər insanlara əsl ləzzəti,
Öz əliylə qazandığı varı-dövləti.


Özünü şux göstər, özünü saxla,
Getməsin üzündən təravət əsla.
Amma düşünmə ki, ölüm nə gəzir?
O, durar qapında bir gün müntəzir.

Bu dünyanın kədərini, qəmini,
Sorsan, deyər yer üzündə hamıdan,
Ahu-fəğan çıxararmı bu dərdi,
Ürəklərin viran qalmış damından?


Fəlakətə, işgəncəyə, kədərə,
Üstün gəlib qılınc çəkmək gərəkdir.
Ümid bağla sən bir yolluq hünərə,
Üləmalar nə desələr, kələkdir.


Anlaşılmaz möcüzənlə, duanla,
Sən artırma bu dünyada ələmi.
Qoy məqsədin bir şey olsun... gəl anla,
Tez ol qurtar dərdü-qəmdən aləmi!
Şikayətmi edim, gülümmü, bilməm,
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.


Yox! Səni mədh edim, qoy ey yaradan,
Ki, tutmuş dünyanın bu qədər nadan.
Etməsəydin bizə bu mərhəməti,
Olmazdı ağlın da qədri, qiyməti.
Məni sevənlərə məhəbbətim var,
Nifrət edənlərə min nifrətim var.
Əgər əl çəksəm də səadətimdən,
Mən əl götürmərəm bu adətimdən.


Kişisən, var isə səndə cəsarət,
Olsun xislətində belə bir adət:
Yaxşılıq edənə yaxşılıq eylə,
Cavab ver yamana yamanlıq ilə.


Türfə gözəlləri sevib duyarlar,
Qəşəng gül yanağı sığallayarlar.
Əkib becərərlər münbit tarlanı,
Əzib öldürərlər əfi ilanı.


Namusa, qeyrətə sataşanları,
Əfv edən, əslində zəif adamdır.
Yumşaqlıq yaraşar qadın qəlbinə,
Kişininki isə bil, intiqamdır!


Ey bəşərin xilasına edilən kömək, -
Ey göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən,
Müdriklərin ilk arzusu, ilk istəyisən.
Ancaq nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmədən min yol asana!
Ey göylərin ilk vergisi!... İnan ki, sənə
Daim sadiq qalasıyam gedincə sinə.


Gülüb cavabını qaytar mehriban,
Birisi kinayə edərsə sənə.
Bil ki, kinayəyə layiq olmayan
Min bir kinayədən alçalmaz yenə.


Sən öz mənliyinin dar sarayından
Kənara çıxmasan, ey dostum, inan,
Anla ki, ömründə ola bilməzsən
Düzlük evində də bir dəfə mehman.


Ələ qədəh alsan, gəl olma nadan,
İçmə hiss etmədən, içmə duymadan.
Özünü böyüdüb boş yerə şişmə,
Bir də ki, alçalıb ayağa düşmə.


Elə bil şeh ilə dolubdu lalə,
Qızarır əlində qızıl piyalə.
İç, amma su kimi içərsə bir kəs
Meyin bu dünyada qədrini bilməz.


Tozu qaldırsa da nə qədər külək,
Toz öz tozluğunu dəyişməyəcək.
Gömülmüş olsa da, toza cəhavir,
Yenə də qiyməti öz üstündədir.