I Abbasın Əbdülmömin xana məktubu

I Abbasın Özbək hökmdarı Əbdülmömin xana məktubu (1598)
Müəllif: I Şah Abbas
Mənbə: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010. səh.935-937.

Əbdülmömin xan[q 1] bir neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə qarışdığı üçün o, fürsət tapıb müqəddəs Məşhədi və Xorasanın bəzi mahallarını işğal edib və daha bir neçə yeri əlinə keçirdi. Mənim, onunla qarşılaşmaqdan ötrü, hər dəfə uzaq yol qət edib İraqdan Xorasana gəldiyim vaxt o, müzəffər əskərlərimin önünə çıxmayır və özünə fərar qərarı verirdi. O, belə bəhanə edirdi ki, onun padşah olan atası Abdulla xan qızılbaş padşahı ilə müharibə etməyə icazə vermirmiş. Həmin get-gəllər nəticəsində Xorasan vilayəti hər iki tərəf ləşkərlərinin at təpikləri altında qalmış, rəiyyət və yoxsul əhali didərgin və ev-eşiksiz olmuşlar. İndi, sizin möhtərəm atanız fani dünyaya vida etmişdir və Mavərənnəhr, Türküstan, Bəlx və Bədəxşan səltənəti siz böyük nəsildən olan şəxsin əlinə keçmişdir. Siz artıq sizə qarşı olanları və əmi oğlanlarınızı dəf etmişsiniz və başqa düşməniniz qalmamışdır Artıq taxta tam əyləşmiş və müstəqil olmuşunuz. Bütün özbək qoşunları sizin əmrinizə tabedirlər. Biz isə, indi irsi mülkümüz olan Xorasanın xilası üçün gəlmişik və bundan ötrü belimizə himmət kəməri bağlamışıq. Əgər, inşallah, bu dəfə oranı tutmaq bizə müyəssər olmazsa, dövlət mərkəzimizə qayıtmaq imkammız olmayacaqdır. Siz əgər bizim şəfəqqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləsəniz, yaxşısı budur ki, qədimdən bəri İrana daxil olan və bu xanədanın irsi mülkü kimi tanınan Xorasandan əl çəkib birlik, ülfət və üzrxahlıq məqamına gələsiniz ki, biz də didərginlərin geri qayıtmaları və Xorasan diyarındakı biçarələrin asudəliyindən ötrü "uzaq keçmişdə olduğu kimi", hərb və intiqam büsatı qurmayaq, sizin məhəbbət, dostluq və ülfət edək, dövlətinizin düz yola düşməsinə çalışaq, malımıza və ləşkərimizə köməkçi olaq. Siz indi məsləhət qulağınıza qəflət pambığı salmayın, dostluq qapılarını bağlamayın, müxalifət və inadkarlıqda israr etməyin, keçən illərdə olduğu kimi məkr və hiylə məqamında olmayın. İstiqlal və iqtidar mövcud olduğu bir vaxtda fərar etmək aləm tərəfindən bəyənilməz bir işdir. Bu barədə fikirləşərək, yubanmadan döyüş meydanına mərdanəlik qədəmi at ki, daha bəhanəyə yer qalmamışdır. Haranı məsləhət bilsən, oranı da, illərdən bəri bütün aləmin intizar gözü ilə gözlədiyi tərəflərimizin qarşılaşmasına qərar ver ki, İlahinin istəyi örtülü pərdədən çıxıb cilvələnmiş olsun, xalqlar hər iki ləşkərin getgəlindən xilas olsunlar. Yoxsa, bunu [da] bil ki, biz Xorasanın viranəyə çevrilməsinə dözməyib, Allah-təalanın köməyi ilə öz iti fikrimizi son ali-nejadla hərəkətə gətirərək, Bəlxə və Buxaraya qədər atımızın cilovunu çəkməyəcəyik. Allah özü bilir ki, qiyamətəsər ləşkərin[q 2] zərbəsindən o diyarda bəla tufanı necə [şiddətlə] qalxacaqdır!

"

Şeir
Kərəm dudmanının ey nihalı, sən
Dinlə aqilanə sözü ürəkdən:
Nə Bəlxə təmənnam var hücum edəm,
Nə də Buxaranı tutmaq istərəm.
Ləşkərimdən azdır səhradakı qum,
Sənin diyarına edərsəm hücum
Xalqın əsir düşər, yoxalar malı,
Boynuna götürmə belə vəbalı.
Eşit sözlərimi, vaxtı yubatma,
Daha macəram belə uzatma,
Torpaqlar Bəlxədək səninki olsun,
O gözəl Bəlx gərək səninki olsun.

"

Qeydlər

redaktə
  1. Xorasanı işğal etmiş Özbək hökmdarı.
  2. Ləşkər ərəb sözüdür, ordu və yaxud qoşun mənasındadır.